Qəbələ şəhəri Qafqaz Albaniyasının əsas şəhəri-paytaxtı kimi (“Kabalaka” adı ilə) yazılı mənbələrdə eramızın I əsrindən məlumdur (Roma müəllifi Böyük Plininin “Təbii tarix”əsərinə görə). Lakin arxeoloji tədqiqatlar şəhərin yaranma vaxtını bir qədər əvvələ - eramızdan əvvəl 5-ci əsrə aid edir. Beləliklə, deyə bilərik ki, Qəbələ şəhərinin 2500 illik tarixi var (İlyas Babayev, Teymur Bünyatov və başqalarına görə).
Azərbaycanda ilk və yeganə olan Qəbələ Arxeoloji Mərkəzinin yaradılmasının tarixi bilavasitə SEBA Assosiasiyasının 2005-ci ildə azərbaycanlı mütəxəssislərin - Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının, 2009-cu ildən isə koreyalı mütəxəssislərin iştirakı ilə başlanılmış Qəbələ Arxeoloji Layihəsi ilə bağlıdır.
Qəbələ Arxeoloji Mərkəzinin rəsmi açılışı 2014-cü il sentyabrın 22-də baş tutmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.
Hal-hazırda 3 mərtəbəli binada və Qəbələ Arxeoloji Mərkəzinin ərazisində: 2 sərgi zalı (muzey), bərpa laboratoriyası, konfrans zalı (sinxron tərcümə üçün avadanlıqlarla), kitabxana, mətbəx-yeməkxana, ekspedisiya üzvləri və qonaqlar üçün otaqlar, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun əməkdaşları üçün kabinet, arxeoloji fondun binası, açıq səma altında ekspozisiya var. Mərkəzin yaxınlığında alimlərin, qonaqların, turistlərin istirahəti üçün park, restoran və s. var.
Mərkəzin sərgi salonları (muzey), onun yaxınlığında yerləşən və arxeoloji qazıntıların aparıldığı Qəbələ şəhərinin Qədim və Orta əsrlər şəhər mərkəzinin üç ərazisi (Antik ərazi, Səlbir ərazisi, Qala ərazisi) ziyarət etmək üçün hər gün açıqdır.
Sərgi salonlarının (muzey) kolleksiyası Qəbələ Arxeoloji Ekspedisiyasının tapıntılarından ibarətdir.
Ünvan: Azərbaycan Respublikası, Qəbələ rayonu, Çuxur-Qəbələ kəndi
2005-2019-cu illər ərzində hər il Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisində (Qəbələ rayonunun digər ərazilərində də) arxeoloji qazıntılar aparılmışdır. (Qeyd: koronavirus pandemiyası ilə əlaqədar olaraq Qəbələ Azərbaycan-Koreya ekspedisiyası 2020-2022-ci baş tutmamışdır)
Arxeoloji ekspedisiya
2005 / 2006 / 2007 / 2008 / 2009 / 2010 / 2011 / 2012 / 2013 / 2014 / 2015 / 2016 / 2017 / 2018 / 2019